Hadisə | Anton Çexov

Sübh çağı. Günəşin parlaq şüaları pəncərənin şüşələrini örtən buz torunun arasından sızaraq uşaq otağına düşür. Saçları qısa kəsilmiş altı yaşlı fındıqburun Vanya və buruqsaç, koppuş, dörd yaşına görə bəstəboy bacısı Nina oyanaraq, çarpayılarının məhəccərindən acıqlı-acıqlı bir-birinə baxırlar.

— Utanmazlar, yaramazlar! – dayə deyinir. – Camaat çoxdan ayaqdadır, çaylarını da içiblər, sizsə heç cür yuxudan doymursunuz…

Günəşin şəfəqləri xalçanın, divarın və dayənin ətəklərində oynayır və sanki otaqdakıları birgə əylənməyə dəvət edir, lakin uşaqlar onlara fikir vermir. Körpələr xoş əhval-ruhiyyə ilə ayılmayıblar. Nina dodaqlarını büzüb üzünü turşudur və uzada-uzada deyir:

— Dayə, ca-ay istə-əyirəm!
Vanya alnını qırışdırıb fikirləşir: ağlamaq üçün bəhanə axtarır. O, gözlərini qırpıb ağzını açmağa hazırlaşırdı ki, qonaq otağından anasının səsi gəlir:

— Pişiyə süd verməyi unutmayın, indi onun balaları var!
Vanya ilə Nina gözlərini bərəldib çaşqınlıqla bir-birinə baxırlar, sonra bir ağızdan qışqırıb, çarpayıdan yerə tullanır və ətrafı qulaq batıran ciyiltiyə bürüyərək ayaqyalın, bircə alt köynəyində mətbəxə qaçırlar.
— Pişik balalayıb! – onlar çığırırlar. – Pişik balalayıb!

Mətbəxdə skamyanın altında Stepanın buxarını qalayarkən içində kömür daşıdığı həmin yeşik dayanıb. Yeşikdən ara-sıra pişiyin başı görünür. Onun boz sifətindən möhkəm yorğunluq yağır, xumarlanan xırda qara bəbəkli yaşıl gözləri sentimentallıq ifadə edir… Xoşbəxtliyinin bütövlüyü üçün vaxtilə özünü qayğısız şəkildə təslim etdiyi “onu”, körpələrinin atasını arzuladığı üz-gözündən bəlli olur! Pişik miyoldamaq istəyir, ağzını geniş açır, yalnız fısıldamağa gücü çatır… Pişik balalarının ciyiltisi eşidilir.

Uşaqlar yeşiyin qarşısında sallağı oturub nəfəslərini dərmədən pişiyə tamaşa edirlər… Onlar heyrət içindədirlər və qaça-qaça mətbəxə girən dayənin deyinməsini belə eşitmirlər. Hər ikisinin gözündən ən səmimi sevinc yağır.
Ev heyvanları uşaqların həyatında və tərbiyəsində nəzərəçarpmayacaq, əvəzində şübhə yeri qoymayan faydalı rol oynayır. Bizlərdən hansımız güclü olduqları qədər geniş ürəkli müftəxor bolonkaları (ağ, yumşaq tüklü otaq iti – red.), qəfəsdə olən quşları, korazehin və lovğa hind quşlarını, əylənmək xatirinə qəsdən quyrqqlarını basdaladığımız və bununla da olmazın ağrı verdiyimiz mülayim qoca pişikləri xatırlamır ki? Hətta bəzən mənə elə gəlir ki, ev heyvanlarına xas olan dözümlülük, sədaqət, rəhmdillik, səmimilik uşaq ağlına bənizi ağarmış quru Karl Karloviçin uzun-uzadı moizələri və ya suyun oksigenlə hidrogendən ibarət olduğunu sübut etməyə çalışan mürəbbiyənin dumanlı boşboğazlığından daha güclü və müsbət təsir edir.

— Necə da balacadırlar! – gözlərini bərəldən Nina sevincək çığırır. – Lap siçana oxşayırlar!
— Bir, iki, üç… – Vanya sayır. – Üç pişik balası. Deməli, biri mənim, biri sənin və biri də kimsənin.
— Murrrm… murrrm… – diqqətdən bir az da xumarlanan zahı pişik miyoldayır. – Murrrm.
Seyr etməkdən doyan uşaqlar bu dəfə pişik balalarını yeşikdən götürüb əllərində əzişdirməyə başlayırlar, sonra bu da azmış kimi, onları köynəklərinin ətəklərinə qoyub otaqlara qaçırlar.
— Ana, ana, pişik balalayıb! – uşaqlar qışqırırlar. Anaları qonaq otağında hansısa tanış olmayan cənabla oturub. Üzlərini yumayan, paltarlarını geyinməyən, ətəklərini yuxarı qaldırmış övladlarını görən qadın pərt olur və ciddi görkəm alaraq gözlərini ağardır.

— Yaramazlar, ətəyinizi yerə salın! – ana söylənir. – Tez bura gəlin, yoxsa sizi cəzalandıracam.
Lakin uşaqlar nə analarının hədə-qorxusunu, nə də özgə adamı eyninə almırlar. Onlar pişik balalarını xalçanın üstünə qoyub çığır-bağır salırlar. Zahı pişik quyruğunu bulayaraq sanki yalvarırmış kimi miyoldayır. Az sonra uşaqları öz otaqlarına aparıb geyindirir, dua oxutdurur və çay içizdirirlər, onlarsa öz növbəsində tezliklə bu cansıxıcı biyardan yaxa qurtarıb yenidən mətbəxə qaçmağı arzulayırlar.

Gündəlik məşğuliyyətləri və oyunları artıq arxa plana keçib.
Pişik balaları öz gəlişlərilə hər şeyin üstünə kölgə salaraq gündəmin ən əhəmiyyətli xəbəri rolunda çıxış edirlər. Əgər Vanya ilə Ninaya onların yerinə bir pud konfet və min dənə ikişahılıq təklif etsəydilər, uşaqlar gözlərini qırpmadan bunların hamısından imtina edərdilər. Dayələrinin və aşpaz qadının etirazlarına əhəmiyyət verməyən uşaqlar düz nahar vaxtınadək yeşiyin yanından bir addım da uzaqlaşmır, pişik balaları ilə vurnuxurlar. Onların üz-gözündən ciddiyyət, diqqətcillik, qayğıkeşlik yağır. Uşaqları yalnız pişik balalarının indisi deyil, həmçinin gələcəyi maraqlandırır. Onlardan birinin evdə təsəlli kimi anasının yanında qalmasını, digərinin bağa getməsini, üçüncüsünün anbarda siçan tutacağını qərarlaşdırırlar.

— Onlar niyə bizə baxmırlar? – Nina çaşqınlıqla dillənir.– Onların gözləri dilənçilərdəki kimi kordur.
Vanyanı da eyni sual narahat edir. O, pişik balalarından birinin gözlərini açmağa çalışır, hıqqanır, fısıldayır, lakin bütün cəhdləri uğursuz nəticələnir. Pişik balalarının onlara təklif olunan ət və süddən inadla imtina etməsi də uşaqları çox narahat edir. Əvəzində bütün bu sovqatları ana pişik yeyir.

— Gəl pişik balalarına ev tikək, – Vanya təklif edir. – Onlar müxtəlif evlərdə yaşayacaqlar, anaları isə növbə ilə qonaq gedəcək…

Uşaqlar pişik balalarını mətbəxin müxtəlif künclərinə yerləşdirdikləri kartonun üzərinə qoyurlar. Amma bu cür ailə bölgüsü vaxtsız olur: üzündə yalvarış dolu ifadəsini qoruyub-saxlayan ana pişik balalarını əvvəlki yerinə qaytarır.
— Pişik onların anasıdır, – Vanya qeyd edir, – bəs ataları?
— Hə, görəsən, ataları kimdir? – Nina təkrarlayır.
— Atasız olmaz.

Vanya və Nina uzun müddət ata axtarırlar və nəhayət, seçimləri pilləkənin altındakı anbarda atılıb qalan, quyruğu qopmuş iri tünd qırmızı atın üzərinə düşür. Onu anbardan sürüyüb gətirərək düz yeşiyin yanında qoyurlar.
— Burda dayan! – taxta ata hədə-qorxu gəlirlər. – Onlara nəzarət elə.

Bütün bunlar son dərəcə ciddiyyətlə həyata keçirilir. İndi Vanya ilə Nina üçün yer üzündə pişik balalarından savayı heç kim mövcud deyil. Sevinclərinin həddi-hüdudu yoxdur. Lakin ağır, əziyyətli dəqiqələrdən də hali deyillər.
Vanya nahar ərəfəsində atasının kabinetində oturub xəyala dalır. Pişik balası lampanın yanında gerbli kağızın üzərində o yan-bu yana gəzişir. Oğlan onun hərəkətlərini izləyir və gah karandaşı, gah da kibrit çöpünü burnuna soxur… Birdən sanki yerdən çıxıbmış kimi hardansa atası peyda olur.
— Bu nədir? – Vanya atasının qəzəbli səsini eşidir.
— Bu… ata, bu, pişik balasıdır.

— İndi sənə pişik balasını göstərərəm! Gör bir neyləmisən, yaramaz uşaq! Kağızlarımın hamısını korlamısan!
Atasının onun pişik balalarına olan rəğbətini bölüşməməsi Vanyanı çox təəccübləndirir, bu da azmış kimi atası onun qulaqlarından çəkib qışqırır:

— Stepan, bu zibili masanın üstündən götür!
Nahar süfrəsi arxasında da qalmaqal baş verir… İkinci xörəyi yeyənlər ciyilti səsi eşidirlər. Səbəbi çözməyə çalışan böyüklər Ninanın önlüyünün altında pişik balası aşkarlayırlar.
— Ninka, rədd ol burdan! – ata yenidən qəzəblənir. – Elə bu dəqiqə pişik balasını zibilxanaya tulla! Bir də bi iyrənc məxluqu evdə görməyim!..

Vanya ilə Nina dəhşət içindədirlər. Zibilxanadakı ölüm qəddarlığı ilə bahəm ana pişiklə taxta atın balalarını əlindən almaq, yeşiyi boş qoymaq, gözəl gələcəyi darmadağın etmək, – hansında ki pişik balalarından biri öz qoca anasına təsəlli verəcək, o biri bağda yaşayacaq, digəri anbarda siçan tutacaq – təhlükəsilə doludur… Uşaqlar göz yaşları içində atalarından pişik balalarına rəhm etməsini yalvarırlar. Ataları razılaşır, lakin onların qarşısına mətbəxə getməmək və pişiklərə əl dəyməmək şərtini qoyur.

Nahardan sonra Vanya ilə Nina otaqları gəzişir və darıxırlar. Qoyulmuş qadağa onları məyus edir. Uşaqlar şirniyyat belə istəmir, şıltaqlıq edir və analarına kobudlanırlar. Axşam Petruşa əmi evə gələndə onu bir kənara çəkib pişik balalarını zibilxanaya atmaq istəyən atalarından şikayətlənirlər.
— Petruşa əmi, – onlar əmilərindən xahiş edirlər, – anama de ki, pişik balalarını uşaq otağına gətirməmizə icazə versin. No-olar!

— Yaxşı, yaxşı! – əmi uşaqları başdan edir. – deyərəm.
Petruşa əmi adəti üzrə evə tək gəlmir. Yanında sallaq qulaqları, bərk quyruğu olan Danimarka cinsli qara iri it, Nero da var. Bu it çox sakit, qaraqabaq və məğrurdur. O, uşaqlara zərrə qədər də əhəmiyyət verməyərək, quyruğunu yelləyə-yelləyə onların yanından ötüb keçir. Uşaqların ondan zəhləsi gedir, lakin bu dəfə praktik düşüncələr hissləri üstələyir.
— Nina, bilirsən nə var? – Vanya gözlərini bərəldib söyləyir. – Qoy Nero atın əvəzinə ata olsun! At köhnəlib, o isə canlıdır.
Onlar bütün axşamı atalarının vint (kart oyunu – red.) oynamasını gözləyirlər, axı həmin vaxt gözdən yayınıb Neronu mətbəxə aparmaq olar… İndi nəhayət, ata kart masasına oturur, ana samovar qoyur və uşaqlara fikir vermir… Xoşbəxt an gəlib çatlr.

— Gedək! – Vanya bacısının qulağına pıçıldayır.
Lakin elə bu vaxt otağa Stepan daxil olur və gülə-gülə elan edir:
— Xanım, Nero pişik balalarını yeyib!

Bənizləri ağarmış Nina ilə Vanya dəhşət içində Stepana baxırlar.
— Allaha and olsun… – lakey gülməkdə davam edir. – Yeşiyə yaxınlaşdı və basıb yedi.

Uşaqlara elə gəlir ki, evlərindəki bütün adamlar əl-ayağa düşüb qəddar Neronu cəzalandıracaqlar. Lakin onlar yerlərindən belə qımıldanmayaraq yalnız itin iştahasına təəccüblənirlər. Anaları ilə ataları gülüşürlər… Nero masanın ətrafında gəzişib quyruq bulayır və özündən razı halda ağzını yalayır… Yeganə narahat olan ana pişikdir. O, otaqları gəzişərək şübhə dolu nəzərlərini ətrafdakılara dikir və yazıq-yazıq miyoldayır.
— Uşaqlar, artıq saat ondur! Yatmaq vaxtıdır! – ana qışqırır.
Ağlaya-ağlaya çarpayıya uzanan Vanya ilə Nina incidilmiş pişik və cəzalandırılmamış, qəddar, həyasız Nero haqda uzun-uzadı düşüncələdə dalırlar.

Tərcümə: Kifayət Haqverdiyeva 
 

0 şərh